Kainat gənclik mərkəzi 1990-ci ilin noyabr ayında təsis edilib. O vaxtın qanunvericilik bazasına əsasən mərkəzin Nizamnaməsi yerli icra orqanları tərəfindən təsdiq edilib, fəaliyyətə başlanması üçün sərəncam verilmişdir. Sonralar ölkəmizdə baş verən əsaslı dəyişikliklərlə bağlı 1994-cü ilin iyul ayında mərkəzin nizamnaməsi Respublika Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydə alınıb, təsdiq olundu.

Mərkəz Qeyri Hökümət Təşkilatı olaraq Nizamnamə müddəalarına əsasən uşaqların və gənclərin intellektual səviyyəsinin inkişafına xidmət edən layihələrin həyata keçirilməsi ilə məşğuldur. Fəaliyyət dairəsində sosial müdafiəyə və sağlamlığının bərpasına ehtiyacı olan uşaqlarla işə geniş yer verilir. İlk gündən bu səpgidə görülən işlər qısa müddət ərzində mərkəz əməkdaşlarının əsas prinsipinə çevrildi. Əvvəllər sponsor təşkilatlarının maddi yardımı ilə “Müharibə uşaqların gözü ilə”baxış sərgisinin təşkili, “Tap-tapmaca” teleoyununun hazırlanması böyük əks-sədaya səbəb oldu. İllər keçdikcə Kainat GM də formalaşır, daha iri və əsaslı layihələrin reallaşmasına nail olurdu. Artıq Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin və  yerli istehsalçıların köməyi nəticəsində ənənə şəklini almaqda olan tədbirlərin təşkilinə başladı. AMOCO KASPİAN SEA PETROLRUM LİMİTED, EXXON AZERBAİJAN OPERATİNG COMPANY LLC, BP, AİOC, CCİC, TİKA, TÜRK PETROLLERİ A.O., TOTAL, UNOCAL KHAZAR ltd, STATOİL, SHELL, TEXACO, MOODY İNTERNATİONAL, Mc DERMOTT,  COCA-COLA, BAKCELL, AZERCELL, NURGÜN, KPMG və s. şirkətlər, firmalarla sıx əməkdaşlıq əlaqələri yaradıldı və görülən tədbirlərin bir çoxu ənənə şəklini aldı. İngilis, fransız və ərəb dili müsabiqələri, “Uşaq muğam festivalları”, əlillər üçün spartakiada, gənc rəssamlarının plakat sərgisi, QLOBUS teleoyunu, Novruz və yeni il şənlikləri, video filmlərin çəkilişi reallaşdırılaraq, ictimaiyyət tərəfindən hüsn-rəğbətlə qarşılandı. Mərkəz UNICEFlə, Gənclər və İdman, Təhsil nazirlikləri ilə sıx əməkdaşlıq edir, birgə layihələr hazırlayıb həyata keçirir. Respublika Gənclərinin Forumlarında, Milli Şuranın toplantılarında, Unicefin konfranslarında, Uşaq fondunun iclaslarında yaxından iştirak etməklə yanaşı, mərkəzin bir neçə üzvü BMT-nin  Resurs Mərkəzinin təlimlərində iştirak edib, müxtəlif sahələri əhatə edən aktual proqramlar üzrə sertifikatlar almışlar. Bunlar görülən işlərin tam siyahısı deyil. Təkcə onu qeyd edək ki, Unicefin sifarişi  və Təhsil nazirliyinin metodik göstərişləri ilə çəkilmiş 6 hissəlik “Uşaqların ilk inkişaf dövrü” filmləri yerli televiziya kanalları ilə göstərilmiş və tamaşaçıların müsbət rəyini qazanmışdır. Bundan başqa yenə də Unicefin dəstəyi ilə erkən uşaqlıq dövrü problemlərinə həsr olunmuş  “Ata va ana olmaq sevinci filminin Azərbaycan versiyasının hazırlanıb müzakirəsi  təşkil edilib. Bu sahədə son işimiz “TEXACO” şirkətinin sifarişi ilə çəkilmiş “Həyat” adlı video filmi Azərbaycanda yaradılmaqda olan qan bankının fəaliyyətinə və gələcək perspektivlərinə həsr edilib. Ümumiyyətlə, mərkəzin əməkdaşları yaradıcılıq axtarışlarını gündən günə artıraraq, peşəkarlıq vərdişlərinə nail olurlar. Kainat GM bu illər ərzində yerli iş adamları, müəssisə və təşkilatları ilə də müntəzəm əlaqə saxlayır. Tədbirlərdə iştirak edən onlarla uşaq indi Azərbaycandan kənarda təhsil alır, müxtəlif yaradıcılıq müsabiqələrində iştirak edirlər. Kainat GM-nin fəaliyyət proqramında qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlarla işə geniş yer verilir.
Bundan başqa mərkəz son illər Gənclər və idman nazirliyinin birbaşa yardımı ilə respublika miqyaslı (Səfəvi dövlətinin 500 illiyi, Nəsirəddin Tusinin 800 illiyi, Müstəqilliyimizin 10 illiyi, Azərbaycan gəncliyi siyasi və hüquqi islahatlar prosesində ) bilik yarışlarının keçirilməsinə, ATƏT-in Bakı ofisi ilə birgə  Vətəndaş Cəmiyyəti və Azərbaycan reallıqları layihələrin reallaşmasını həyata keçirilmişdir. Bu sahədə fəaliyyətini davam etdirən mərkəz, son illərdə yeniyetmə və gənclərin sağlam ruhda inkişaf etməsi üçün konkret layihələrin reallaşmasına nail olmuşdur.  
Kainat GM Respublika Həmkarlar İttifaqları Konfederasiyası və onun yerli qurumları ilə birgə fəaliyyətə mühüm yer ayırır. Mərkəzin bu fəaliyyəti də 2004-cü ildə “ respublikanın ictimai həyatında və həmkarlar ittifaqı işində fəal iştirakına görə” Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının respublika komitəsi tərəfindən xüsusi diplomla qiymətləndirilmişdir.
Mərkəzin son illərdəki fəaliyyəti də diqqət mərkəzindədir. Belə ki, Respublika Gənclər və İdman Nazirliyi Kainat GM-ni 2007-ci ildə “2 fevral Azərbaycan gəncləri gününün təsis edilməsinin 10-cu ildönümü münasibəti ilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində fəal iştirakına görə diplomla təltif etmişdir.
Hamınızı əməkdaşlığa dəvət edirik.

Back to Top