İslam Dünyası gənc klassik musiqi ifaçılarının
(20 yaşa dək) 8-ci Beynəlxalq müsabiqəsinin
Ə s a s n a m ə s i

Bakı şəhəri. Azərbaycan 8-11 aprel 2019-cu il. Gənc istedadları 8-ci Beynəlxalq Klassik Musiqi müsabiqəsində iştirak etməyə dəvət edirik.

I. Müsabiqənin məqsəd və vəzifələri:

  1. Gənc istedadların aşkar edilməsi.
  2. Beynəlxalq təcrübə və fikir mübadiləsi.
  3. Yaradacılıq yollarının təyin edilməsi.
  4. Xarici ölkələrdən cəlb olunan yeniyetmə və gənclərdə Azərbaycan mədəniyyəti və incəsənəti haqqında geniş təsəvvürün yaradılması.
  5. Gənc istedadların musiqi sənəti sahəsində Şərq – Qərb dialoqu çərçivəsində səviyyələrinin artırılması.

II. Müsabiqənin təsisçi və təşkilatçısı:

“Kainat” Gənclik Mərkəzi.
Dəstəkləyənlər:
  1. - AR Gənclər və İdman Nazirliyi
  2. - AR Mədəniyyət Nazirliyi
  3. - ISESCO (İslam Əməkdaşlıq Təşkilatının Elm, Təhsil və Mədəniyyət məsələləri üzrə qurumu)
  4. - AR Xarici İşlər Nazirliyi
  5. - Bakı Musiqi Akademiyası
  6. - İnformasiya dəstəyi Azərbaycan Dövlət Televiziyası (AzTV)
Təşkilat komitəsinin sədri – “Kainat”
Gənclik Mərkəzinin direktoru - Rahib Ağakişi oğlu Rəsulzadə.

III. Tarix və keçiriləcəyi yer:

Bakı şəhəri, 08-11aprel 2019-cu il. Bakı Musiqi Akademiaysının Böyük Konsert zalı. Müsabiqənin təşkili və keçirilməsi ilə bağlı təsisçi tərəfindən təşkilat komitəsi yaradılır. Təşkilat Komitəsi 2019-cu ilin fevral ayının 15-dən öz işinə başlayır. Iştirakçıların müsabiqəyə qatılması başlanğıc tarixindən 1 gün əvvələ nəzərdə tutulub. Fərdi qaydada müsabiqəyə qatılmaq istəyənlərlə bağlı proses müzakirə oluna bilər.

IV. İştirakçılardan tələb olunanlar:

Müsabiqədə 20 yaşınadək yeniyetmə və gənc instrumental ifaçı-müsiqiçilər iştirak edə bilərlər. Ərizələri qəbul edilmiş hər bir ifaçı, yalnız cədvəl üzrə təyin ediləcək gün və vaxt ərzində dinləmələrdə iştirak edə bilər. Müsabiqədə ifa olunan proqram, sənədlərlə bərabər göndərilməlidir. İfaçı tərəfindən təqdim olunan əsərlər müsabiqənin proqram tələblərinə uyğun olmalıdır, əks halda iştirakçı müsabiqəyə buraxılmayacaq.

Yaş qrupları:
  1. Kiçik qrup – 15 yaşadək.
  2. Böyük qrup – 16-20 yaş arası.

Musiqi əsərlərinin (3 əsər) həcmi kiçik qrup üçün 15 dəqiqə, böyük qrup üçün isə 20 dəqiqəyə qədər təklif edilir. İştirakçılar təklif olunan reqlamentə mütləq riayət etməlidirlər. Proqrama polifonik əsərlər, dünya klassik musiqi nümunələri və Azərbaycan bəstəkarlarının əsərləri daxil olunmalıdır. Kiçik yaş qrupu üzrə ifaçılar simli və nəfəs alətlərində iki müxtəlif xarakterli əsərlərlə yanaşı, repertuarlarına eyni zamanda Azərbaycan bəstəkarlarının əsərləri də daxil etməlidirlər.

İştirakçıların nəzərinə:

Müsabiqənin iştirakçıları yalnız öz musiqi alətləri ilə çıxış etməlidirlər. İştirakçılar musiqi əsəri seçimində sərbəstdir. Lazım olduqda, təşkilat komitəsi Azərbaycan bəstəkarlarının əsərlərinin not və partituralarını, konsertmeysteri təqdim etməyə hazırdır. İştirakçı yalnız müraciət ərizəsində sifariş edilən əsərləri ifa etməlidir. İştirakçılar ifa edəcəkləri əsərlərin notlarını münsiflər heyətinə təqdim etməlidir. Proqrama edilə biləcək hər hansı bir dəyişiklik münsiflər heyətinin bütün üzvlərinin razılığı ilə baş tuta bilər. Fonoqramın istifadəsinə icazə verilmir. ( http://e-library.musigi-dunya.az/library_az.html)

Nominasiyalar:
  1. Piano solo, orqan solo, klavesin solo;
  2. Simli alətlər solo;
  3. Nəfəs alətləri solo.

V. Mükafatlandırma:

Mükafatların təyin və təqdim olunmasında iştirak edəcək münsiflər heyəti Azərbaycandan və müsabiqəyə qatılacaq xarici ölkələrdən gəlmiş sənət adamlarından ibarət olacaq. Mükafatlara layiq görülənlər arasında yerlərin bölüşdürülməsi münsiflər heyətinin iştirakçılar tərəfindən proqram boyu topladığı ballara görə, imzalanmış protokollar əsasında aparılacaq. Balların hesablanması müsabiqə boyu tövsiyə olunan meyarlara uyğun olaraq, münsiflər heyətinin hər bir üzvünün maksimal 10 bal təsis etmək hüququ var. Çıxışların qiymətləndirilməsi hər yaş qrupuna müvafiq olaraq ayrıca aparılacaq. Bütün mərhələlər üzrə münsiflər heyətinin qərarı müzakirə olunmur.

Münsiflər heyəti müsabiqənin aşağıdakı mükafatlarını təyin edir:

  • Qran Pri (pul mükafatı).
  • 1, 2, 3 dərəcəli laureatlar (hər iki yaş qrupu üzrə,1-ci yerlər pul mükafatı).
  • müsabiqədə uğurlu iştirakına görə diplomlar.
  • Müxtəlif nominasiyalar üzrə sertifikatlar (fortepiano, simli və nəfəs alətləri)
Dəyərləndirmə meyarları:
  • İfaçılıq bacarığı (səsləndirmə, texnika, ritmika, alətlə rəftar, ifaçılıq dinamikası);
  • Repertuar mürəkkəbliyi;
  • Səhnə mədəniyyəti (səhnə mədəniyyəti, ifa mədəniyyəti və klassik geyim).

VI. Müsabiqənin keçirilmə qaydaları:

Müsabiqə 2 (iki) turda keçiriləcək. Bütün iştirakçılar çıxışlarını təqdim edilmiş ərizələr və cədvəl üzrə münsiflər heyətinin diqqətinə təqdim edəcəklər. Yüksək bal toplayaraq finala keçmiş iştirakçılar Qala-Konsertdə baş mükafat uğrunda mübarizə aparmaq hüququnu qazanacaqlar. Finala çıxa bilməyən iştirakçılar Qala-Konsertdə iştirak edə bilərlər.

VII. Maliyyələşmə qaydaları:

Müsabiqənin büdcəsi təşkilat komitəsi tərəfindən təsdiq edilmiş xərclər smetası üzrə formalaşır. Layihənin maliyyələşməsində dövlət qurumları ilə yanaşı kommersiya təşkilatları, ictimai birliklər, xeyriyyə cəmiyyətləri və həmçinin iş adamları da iştirak edə bilərlər. Müsabiqənin təşkilat komitəsi sponsorlara və tərəfdaşlara tədbirin işıqlandırılmasında istifadə olunacaq bütün formalarda reklam məlumatlarının yerləşdirilməsinə zəmanət verir. Sponsor və tərəfdaşlar şəxsi nominasiyalar üzrə öz mükafatlarını təsis edə bilərlər. Təşkilat Komitəsi iştirakçılar üçün üzvlük haqqı müəyyən etmir.

Təşkilat Komitəsinə foto-şəkil, şəxsiyyəti təsdiq edən sənədin , ərizə anket mütləq təqdim olunmalıdır. Bu sənədlərin hər hansı bir formada (faks, email, poçt) təşkilat komitəsinə çatdırılması 2019-cu ilin 28 mart tarixinə qədər məqbuldur.

ÜNVAN: AZ1000.Azərbaycan Respublikası.
Bakı şəhəri. Xəqani küçəsi 31. Mənzil 18.
Telefonlar: +99412 493 03 81, +99412 493 76 59.
Faks: +99412 493 95 94.
Email: kainatgm@mail.ru
Web-site: www.kainat.az

Xarici qonaqlar üçün müsabiqə çərçivəsində geniş mədəni proqramın təşkili iş qrafikinə daxil edilib. QEYD: Tərəflərin bütün yenilik və əlavələr haqqında iştirakçı tərəflərə 15 gün əvvəl məlumat veriləcək.

İştirak ərizəsi: yükləmə linki

“Təşkilat Komitəsi”


Back to Top